IQNA

'Kisa' (Əba) hədisi haqqında qısa məlumat

7:16 - January 19, 2021
Xəbər sayı: 3489087
“Kisa” hədisi Peyğəmbəri-Əkrəmin (s) dili ilə İslam ümmətinin rəhbər və imamlarını tanıtdıran ən mühüm fakt, Əhli-beytin fəzilət və xüsusiyyətlərini açıqlayan ən aydın xəbərdir.
Peyğəmbəri-Əkrəmin (s) Ümmü-Sələmədən belə nəql edilir: 
 
لمَّا نَزَلَت هذِهِ الآيَةُ «إنَّما يُريدُ اللّهُ لِيُذهِبَ عَنكُمُ الرِّجسَ أهلَ البَيتِ ويُطَهِّرَكُم تَطهيرًا» دَعا رَسولُ اللّهِ (ص) عَلِيًّا وفاطِمَةَ وحَسَنًا وحُسَينًا، فَجَلَّلَ عَلَيهِم كِساءً خَيبَرِيًّا، فَقالَ: اللّهُمَّ هؤُلاءِ أهلُ بَيتي، اللّهُمَّ أذهِب عَنهُمُ الرِّجسَ وطَهِّرهُم تَطهيرًا. قالَت اُمُّ سَلَمَةَ: ألَستُ مِنهُم؟ قالَ: أنتِ إلى خَيرٍ.
 
“Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləmək və sizi tamamilə pak-pakizə etmək istəyir!” – ayəsi (Təthir ayəsi – Əhzab/33) nazil olduqda, Peyğəmbəri-Əkrəm (s) Əli, Fatimə, Həsən və Hüseyni çağırdı və onları “Xeybər” əbasına büküb dedi: “İlahi, bunlar mənim Əhli-beytimdir! İlahi, çirkinliyi onlardan uzaqlaşdır və onları tamamilə pak et.” Bu zaman Ümmü-Sələmə dedi: “Mən də onlardanammı?” Peyğəmbər (s) buyurdu: “Sən yaxşısan (amma onlardan deyilsən).” (“Təfsiri-Təbəri”, c.12, fəsil 22, səh.7.)
 
“Kisa” hədisi Peyğəmbəri-Əkrəmin (s) dili ilə İslam ümmətinin rəhbər və imamlarını tanıtdıran ən mühüm fakt, Əhli-beytin fəzilət və xüsusiyyətlərini açıqlayan ən aydın xəbərdir. Bu mühüm hadisə ilə tanış olmaq üçün aşağıdakı cəhətlərə diqqət yetirmək lazımdır:
 
1. “Kisa” hədisinin sənədi: Bu hədisin sənəd baxımından heç bir iradı yoxdur. Bir çox böyük alimlərin mötəbər kitablarında nəql edilən “Kisa” hədisi “müstəfiz” (raviləri çox olan) hədislərdən, hətta geniş tədqiqat apardıqda, onun “təvatür” həddinə çatmış hədislər sırasında olduğunu iddia etmək olar. Ümumiyyətlə, bir çox şahidlərə görə, İslam tarixi ilə tanış olanlar bu hadisənin baş verməsində heç də şəkk-şübhə etmirlər. Bu hadisə İslam tarixində o qədər məşhurdur ki, onun baş verdiyi gün “Kisa” günü və həmin gün Allahın xass lütf və mərhəmətinə şamil olan beş nəfər isə “Kisa əhli” adlanmışdır. (Bax: “Əl-xisal”, c.2, səh.550; “Məcməul-bəyan”, c.9, səh.44.)
 
2. Bu hadisənin baş vermə keyfiyyəti: “Kisa” hadisəsi haqda bizə gəlib çatan hədislərin hər biri onu kamil şəkildə bəyan etməsə də, onların hamısından alınan nəticəyə əsasən, bu hadisənin nisbətən tam təsvirini belə göstərə bilərik:
 
Bir dəfə İslam Peyğəmbəri (s) həyat yoldaşı Ümmü-Sələmənin evində ikən, həmin gün Allah-Taala tərəfindən öz yaxın adamları ilə bağlı mühüm bir peyğam almalı idi. Buna görə də, həyat yoldaşına göstəriş vermişdi ki, heç kimi onun yanına buraxmasın.
 
Digər tərəfdən də elə həmin gün Peyğəmbərin (s) qızı Fatimə (s.ə) əziz atasına halva hazırlamaq fikrində idi. O, halvanı kiçik daş qazanında hazırlayıb, bir tabağa qoyaraq atası üçün apardı.
Ümmü-Sələmə deyir ki, mən Fatimənin Peyğəmbərin (s) yanına daxil olmasına mane ola bilmədim. Axı o, Peyğəmbərin (s) bədəninin bir parasına necə mane ola bilərdi?! Adətən, Peyğəmbərin (s) qadağaları Fatimeyi-Zəhradan (ə.s) qeyrilərinə aid idi. Xüsusilə, həmin gün o Həzrət, məhz Fatimə, əri və övladlarına görə xəlvətə çəkilmişdi. Fatimə (ə.s) halva qazanı ilə atasının hüzuruna gəlsə də, Peyğəmbərin (s) yanına tək-tənha gəlişi kifayət deyildi. Buna görə də, Peyğəmbər (s) qızına buyurdu: “Get, ərini (Həzrət Əlini) və iki oğlunu (Həsənlə Hüseyni) da gətir!” Fatimə (ə.s) dərhal evinə qayıdıb, əri və iki kiçikyaşlı oğlu ilə atasının yanına qayıdır. Ümmü-Sələmə də Peyğəmbərin (s) işarəsi ilə ayağa qalxıb, evin bir guşəsində namaz qılmağa başlayır.
 
Bu məclis tamamilə xüsusi idi... Peyğəmbəri-Əkrəm (s) öz canı və nəfsi bildiyi Əli, özünün bir parası adlandırdığı Fatimə və özü üçün iki gül hesab etdiyi Həsən və Hüseynlə (ələyhimus-səlam) birgə Fatimənin (ə.s) süfrəsinin kənarında əyləşirlər.
 
Peyğəmbəri-Əkrəm (s) adəti üzrə həyat yoldaşı olmadan yemək yeməzmiş. Lakin bu gün vəziyyət tamamilə fərqləndiyindən, o, bu süfrəyə dəvət edilməmişdi. Əgər bu gün Ümmü-Sələmə o süfrədə əyləşsəydi, sonralar Allah-Taalanın Peyğəmbərin (s) Əhli-beyti haqqında buyurduğu kəlamı başqa mənalara yozulardı! Məhz bu gün Peyğəmbər (s) istisna olaraq həyat yoldaşını süfrə başına çağırmır. Elə bu zaman Cəbrail-Əmin nazil olub, “إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا“ (Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləmək və sizi tamamilə pak-pakizə etmək istəyir!) – ayəsini tilavət etdikdə, Peyğəmbəri-Əkrəm (s) “Xeybər” əbasını kürəkəni, qızı və övladlarının üstünə çəkib, sağ əli ilə səmaya işarə edərək deyir:
 
اللّهُمَّ هؤُلاءِ أهلُ بَيتي، اللّهُمَّ أذهِب عَنهُمُ الرِّجسَ وطَهِّرهُم تَطهيرًا
 
“İlahi, bunlar mənim Əhli-beytimdir! Belə isə hər bir çirkinliyi onlardan uzaqlaşdır və onları tamamilə pak-pakizə et!”
 
Başqa bir rəvayətdə Peyğəmbəri-Əkrəmin (s) belə dediyi nəql olunur:
 
اللّهُمَّ هؤُلاءِ أهلُ بَيتي وخاصَّتي، فَأَذهِب عَنهُمُ الرِّجسَ وَطهِّرهُم تَطهيرًا
 
“İlahi, bunlar mənim Əhli-beytim və xüsusi adamlarımdır! İlahi, hər bir çirkinliyi onlardan uzaqlaşdır və onları tamamilə pak et!”
 
Daha başqa bir rəvayətdə isə belə nəql olunur:
 
اللّهُمَّ إنَّ هؤُلاءِ آلُ مُحَمَّدٍ فَاجعَل صَلَواتكَ وبَرَكاتكَ عَلى مُحَمَّدٍ وعَلى آلِ مُحَمَّدٍ إنَّكَ حَميدٌ مَجيدٌ
 
“İlahi, bunlar Muhəmmədin xanədanıdır! Belə isə Öz salam və bərəkətlərini Muhəmməd və Mühəmmədin xanədanına göndər, çünki Sən tərifəlayiq və ucasan!”
 
Bu vaxta qədər otağın bir küncündə az-çox bu mənəvi hadisəni müşahidə edən Ümmü-Sələmə artıq dözə bilməyib irəli gəlir və əbanın bir ucundan tutub qaldıraraq, həmin fəzaya qoşulmaq istəyir. Lakin Peyğəmbəri-Əkrəm (s) əbanı onu əlindən çəkib, onun Qurani-Kərimin buyurduğu Əhli-beyt fəzasına daxil olmasına mane olur.
 
Ümmü-Sələmə sanki Peyğəmbəri-Əkrəmin (s) bu davranışından narahat olub soruşur: “Ey Allahın Rəsulu! Mən Əhli-beytdən deyiləmmi?” Peyğəmbər (s) buyurur: “Sən yaxşı (qadın) və Peyğəmbərin zövcələrindənsən (amma Əhli-beytdən deyilsən)!”
 
3. Hadisənin əhəmiyyəti: “Kisa” hadisəsi və onunla bağlı hədislərin üzərində dərindən düşündükdə, məlum olur ki, bu hadisə heç də bəzi alim və yazıçıların təsəvvür etdikləri kimi, sonralar əhəmiyyət daşıyan adi bir hadisə olmamışdır. Əksinə bu hadisənin özünəməxsusluğu və “təthir” ayəsinin nazilolma səbəbinə nəzər saldıqda, o, İslam ümmətinin gələcək rəhbər və canişinlərinin tanıtdırılması ilə bağlı İslam Peyğəmbərinin (s) həyatında baş verən müstəsna hadisələrdəndir. Peyğəmbəri-Əkrəmin (s) duası və “Kisa” hadisəsini nəql edən bir çox hədislər açıq-aydın göstərir ki, bu mühüm hadisə “Təthir” ayəsi (“Əhzab”/33) nazil olandan dərhal sonra onun mahiyyətini təfsir və bəyan etmək üçün yerinə yetirilmişdir. Nəql olunanlara görə, Peyğəmbəri-Əkrəm (s) bərəkətli ömrünün sonuna qədər “Kisa” əhli üçün dua etmiş və onları “Əhli-beyt” adlandırmışdır. Bütün bunlar “Kisa” hadisəsinin əhəmiyyətni göstərir. “Əhli-beyt Quran və hədislərdə”, Ustad Məhmməd Məhəmmədi Reyşəhri, səh.29-31.)
 
Tərcümə edən: Rza Şükürlü (Maide.az)
 
captcha