IQNA

Əhli-sünnə mənbələrində Xanım Fatimənin (s.ə) fəzilətləri

23:28 - January 17, 2021
Xəbər sayı: 3489064
Peyğəmbər (s) ölüm xəstəliyi yatağında olarkən buyurdu: "Ey Fatimə (s.ə)! Aləm qadınlarının seyyidəsi, bu ümmətin qadınların seyyidəsi və möminlərin qadınlarının seyyidəsi olmağa razı deyilsənmi?!"

Əhli-sünnə mənbələrində Xanım Fatimənin (s.ə) fəzilətləri barədə yazılanlarla tanış olaq.

1. Aişə nəql edir: “Peyğəmbər (s) ölüm xəstəliyi yatağında olarkən buyurdu: "Ey Fatimə (s.ə)! Aləm qadınlarının seyyidəsi, bu ümmətin qadınların seyyidəsi və möminlərin qadınlarının seyyidəsi olmağa razı deyilsənmi?!"”.

Əl-Hakim deyir: Bu hədisin sənədi səhihdir.

Əz-Zəhəbi, "Ət-Təlxis"də deyib: Səhihdir.

Mənbə: "Əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 170, hədis 4740.

2. İbn Abbas (r.ə) nəql edir: “Peyğəmbər (s) buyurub: "Aləm qadınlarının ən fəzilətliləri – Xədicə Xuvəylid qızı, Fatimə Muhəmməd (s) qızı, Məryəm İmran qızı və Fironun xanımı Asya Muzəhim qızıdır””.

Əl-Hakim deyir: Bu hədisin sənədi səhihdir.

Əz-Zəhəbi "ət-Təlxis" də deyib: Səhihdir.

Mənbə: "Əl-Mustədrək alə əs-Səhiheyn", cild 2, səh. 650, hədis 4160.

3. Bureydə əl-Əsləmi nəql edir: "Peyğəmbər (s) kişilərdən ən çox Əlini (ə), xanımlardan isə Fatiməni (s.ə) sevirdi".

Əl-Hakim deyir: Bu hədisin sənədi səhihdir.

Əz-Zəhəbi "ət-Təlxis"də deyib: Səhihdir.

Mənbə: "Əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 168, hədis 4735.

4.  İmam Əli (ə) nəql edir: “Allahın Rəsulu (s) Fatiməyə (s.ə) dedi: "Allah sənin qəzəbinə görə qəzəblənir və razılığına görə razı qalır"”. Hədisdən sonra hafiz əl-Heysəmi deyir: ət-Təbərani bu hədisi nəql etmişdir və onun sənədi həsəndir (mötəbərdir).

Mənbə: "Məcməuz-Zəvaid və Mənbəul-Fəvaid", cild 9, səh. 204, hədis 15204.

5. Misvər ibn Məxrəmə nəql edir: “Rəsulullah (s) buyurub: "Fatimə mənim vücudumdan bir parçamdır; kim onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir"”.

Mənbə: "Səhih Buxari", “Səhabələrin fəziləti” kitabı, “Fatimənin (s.ə) fəziləti” babı, hədis 5556.

6. Əbu Səid əl-Xudri nəql edir: “Peyğəmbər (s) buyurub: "Biz Əhli-Beytə (ə) nifrət (düşmənçilik) edən hər kəsi Allah cəhənnəmə daxil edər"”.

Mənbə: "Əs-Silsilətus-Səhihə", cild 5, səh. 643, hədis 2488.

Albani deyib ki, hədis səhihdir.

7.  Əbu Hüreyrə nəql edir: “Peyğəmbər (s) Əliyə, Fatiməyə, Həsənə və Hüseynə baxıb dedi: "Mən sizə qarşı savaşanlarla savaş, barış içində olanlarla da barış içindəyəm"”.

Əl-Hakim deyir: Bu hədis həsəndir (mötəbərdir).

Mənbə: "Əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 161, hədis 4713.

8. Səd ibn Əbu Vəqqas nəql edir: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq" (“Ali İmran”, 61) ayəsi nazil olduqda Allahın Rəsulu (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni yanına çağırıb: "Allahım! Mənim ailəm bunlardır" – buyurdu".

Əl-Hakim deyir: Bu hədis şeyxeynin (Buxari və Müslümün) şərtinə əsasən səhihdir.

Əz-Zəhəbi "ət-Təlxis"də deyib: Buxari və Müslümün şərtinə əsasən səhihdir.

Mənbə: "əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 163, hədis 4719.

9. Aişə nəql edir: “Peyğəmbərin (s) üzərində qara yundan naxışlı bir örtük olduğu halda çıxdı. Həsən ibn Əli gəldi və onu örtükə daxil etdi. Sonra isə Hüseyn gəldi və onu da birgə daxil etdi. Sonra isə Fatimə gəldi və onu da daxil etdi. Sonra isə Əli gəldi və onu da daxil etdi. Bundan sonra isə belə dedi: "Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". (“Təthir” ayəsini oxudu – “Əhzab” 33)

Mənbə: "Səhih Müslüm", “Səhabələrin fəziləti” kitabı, “Əhli-Beytin (ə) fəziləti” babı, hədis 2424.

10.  Aişə nəql edir: "Atasından (Peyğəmbərdən (s)) başqa, Fatimədən (s.ə) daha fəzilətli kimsəni görmədim".

Rəvayətdən sonra İbn Həcər əl-Əsqəlani deyir: Ət-Təbərani "əl-Mucəmul-Əvsət" kitabında bu rəvayəti nəql etmişdir. Onun sənədi şeyxeynin (Buxari və Müslümün) şərtinə əsasən səhihdir.

Mənbə: "Əl-İsabə", cild 8, səh. 264, nömrə 11587 “Fatimətuz-Zəhra (s.ə)”.

11. Abbad ibn Abdullah ibn Zubeyr nəql edir: “Aişə, Peyğəmbərin (s) qızı Fatiməni (s.ə) xatırladığı zaman belə deyərdi: "Atasından (s) başqa Fatimədən (s.ə) daha doğru danışan bir kimsəni görmədim"”.

Əl-Hakim deyir: Bu hədis Müslümün şərtinə əsasən səhihdir.

Əz-Zəhəbi "ət-Təlxis"də deyib: Müslümün şərtinə əsasən (səhihdir).

Mənbə: "əl-Mustədrək alə əs-Səhiheyn", cild 3, səh. 175, hədis 4756.

12. Zeyd ibn Ərqəm nəql edir: “Peyğəmbər (s) buyurdu:"Mən sizə elə bir şey əmanət edəcəyəm ki, əgər ona sarılsanız, məndən sonra heç vaxt azğınlığa düşməzsiniz.

Bu şeylərin ikisi də bir-birlərindən daha da böyükdürlər. Göydən yerə uzanan ip kimi olan Allahın Kitabını və İtrətim olan Əhli-Beytimi.

Bu iki şey Kövsər hovuzunun başında mənə qovuşana qədər heç vaxt bir-birlərindən ayrılmayacaqlar. Bu iki şey haqqında mənə necə itaət edəcəyinizə diqqət edin!”.

Tirmizi hədisdən sonra bəyan edir: “Bu hədis həsəndir” (yəni, tam mötəbərdir).

Tirmizinin kitabını tədqiq edən sələfi hədisşünası Albani bildirib ki, hədisin sənədi səhihdir.

(Mənbə: "Sünən Tirmizi", c.8, s.288, hədis 3788).

13. Cumey ibn Umeyr ət-Təymi nəql edir: "Xalamla birgə Aişənin yanına getmişdim. Aişəyə: "Yaxını olaraq insanlardan kim Allah Rəsuluna (s) daha sevmliydi?" deyə sual edildi. “"Fatimə" (s.ə) idi”, - deyə cavab verdi.

"Kişilərdən bəs kim daha sevmli idi?" soruşulduqda, "Fatimənin (s.ə) əridir. Çünki o gecələri çox namaz qılan və gündüzlərin çoxunda isə oruc olardı", - deyə cavab verdi”.

Tirmizi hədisdən sonra bəyan edir: "Bu hədis həsəndir" (yəni, tam mötəbərdir).

(Mənbə: "Sünən Tirmizi", Fatimənin (s.ə) fəziləti babı, hədis 3874).

14. (Səhabə) Bureydə nəql edir: "Əbu Bəkr və Ömər, Fatiməni (s.ə) Peyğəmbərdən (s) istədilər. Peyğəmbər (s) onlara buyurdu: "Fatimə (s.ə) hələ kiçikdir" (deyib, onlara vermədi). Əli (ə) istədikdə isə Fatiməni (s.ə) Əli (ə) ilə evləndirdi".

Nəsainin kitabını tədqiq edən sələfi hədisşunası Albani bildirib ki, hədisin sənədi səhihdir.

(Mənbə: "Sünən Nəsai", cild 7, səh 293, hədis 3221.)

15. Ət-Təbərani, İbn Məsuddan nəql etmişdir: “Peyğəmbər (s) buyurub: "Allahu Təala mənə əmr etmişdir ki, Fatiməni (s.ə) Əli (ə) ilə evləndirim".

Suyuti deyib: "Hədis həsəndir" (yəni, tam mötəbərdir).

(Mənbə: "Əl-Cəmius-sağir", hədis 1693).

16. (Səhabə) Sələmə ibn əl-Əkvə Peyğəmbərdən (s) nəql edir: "Ulduzlar səma əhli üçün, Əhli-Beytim (ə) isə mənim ümmətim üçün amandır".

Suyuti deyib: "Hədis həsəndir" (yəni, tam mötəbərdir).

(Mənbə: "Əl-Cəmius-sağir", hədis 9313).

17. Allah Rəsulu (s) buyurub: "Mənim Əhli-Beytim (ə) sizin üçün Nuhun (ə) gəmisinə bənzəyir. Hər kəs ona minsə, nicat tapar, ondan uzaq düşən isə qərq olar".

Suyuti deyib: "Hədis həsəndir" (yəni, tam mötəbərdir).

(Mənbə: "Əl-Cəmius-sağir, hədis 8162).

Elnur Əlizadə,

“Dəyərlər”in oxucusu

captcha